Yuxusuzam
Qısa hekayə
Üç gündür yuxusuzam. Təcili yardımdayam. Onu mən gətirdim. Mənim səhvim deyildi. Heç nə xatırlamıram. Bəlkə bu yuxudur? Acam. Gecədir. Bufet bağlıdır. Aparatda cəmi iki dənə snikers var. Pulu ödədim. İkisi də düşdü. Biri pulsuz. Birini indi yeyim, birini də burdan çıxanda. Hamı niyə mənə baxır? Snikers qan dadır deyəsən. Özümü pis hiss edirəm. Görəsən bu ikinci pulsuz snikers haramdır? Həmişə belə kiçik günahlar edəndə vicdanım basdırdığım qəbirdən zombi kimi çıxmağa çalışır. Mən də başından təpikləyə vurub öldürürəm.
— Kiçik? Adam orada ölür.
— Mənim səhvim deyildi.
Kazım yadıma düşdü. Onu da mən öldürmüşdüm. Həm də yumruqlarımla, həm də hər gün. O da mənim səhvim deyildi. Hamının ortasında mənə şapalaq vurmuşdu. Mən də hər gün axşam yatmazdan əvvəl onu ölənə qədər döyürdüm. Sonra şirin yuxuya gedirdim. Yuxusuzam. Bütün bunlar bitsəydi, evə gedərdim, Kazımı öldürərdim, sonra da yatardım.
— Bundan sonra evə getməyi yuxunda görərsən!
Snikersimi də xahiş edən birinə verdim. Yuxumu da, azadlığımı da, snikersimi də əlimdən alıblar. İndi Kazımı nə qədər yumruqlasam da ölmür. Vicdanımla əl-ələ veriblər, ölümsüzləşiblər. Mənsə yuxusuzlaşmışam.Yatmaq istəyirəm
— Yuxunda görərsən.


