Oğurlanmış Diqqət
Bu yazıda sizinlə Oğurlanmış Diqqət (Stolen Focus) kitabından götürdüyüm qeydləri bölüşürəm.
Müəllif Johann Hari araşdırmaçı-jurnalist olaraq özünün də əziyyət çəkdiyi bir problemin kökünə enir və əsas gördüyü bütün səbəbləri sıralayır. Bu səbəbləri detallı, öz sahəsinin mütəxəssisləri ilə müsahibə götürərək əsaslandırır. İş burasındadır ki, bu kitab özünə yardım (self help) kitabı deyil, buna görə də siz şəxsi vərdişlərinizi dəyişmək və ya daha yaxşı fokuslanmaq üçün detallı həllər görməyəcəksiniz. Müəllif kitabın çox az hissəsində həllər təklif edir. Bu həlləri iki qrupa bölür: sistematik həllər və müəllifin özünün tapdığı həllər (və ya cəhdlər). Gəlin bu səbəblərin hamısına qısa formada baxaq.
Birinci səbəb: Sürətin artması
Artıq hər şey sürətlənib, xüsusilə informasiya və gündəm. Sürətlənmək isə diqqətimizin daha tez yayınmasına səbəb olur. Bu həm kollektiv formada, həm də fərdi formada dəyişib. Məsələn, Twitter platformasında 2013-cü ildə bir mövzunun gündəmdə qalma müddəti 16 saat idi isə, cəmi üç il sonra bu müddət 10 saata düşüb. Kollektiv olaraq uzunmüddətli bir problemə, aktual bir məsələyə fokuslana bilmirik. Gündəm çox tez dəyişdiyi üçün, bizim diqqətimiz yayınır və kütləvi formada problemləri həll edə bilmirik.
Eyni sürət kitablarda da özünü göstərir. Eyni mövzudan bəhs edən kitabların sayı zamanla azalır, çünki mövzu aktuallığını itirir. Məlumatın bu qədər sürətlə artması və beynimizin həddindən çox informasiyaya məruz qalması diqqət bacarığımızı azaldır. İnsanlar daha sürətlə danışır, sürətli yeriyir və daha sürətli yaşayır. Hamı harasa tələsir sanki. Bu tələskənlik bizim diqqətimizi azaldır. Hansısa mövzuya fokuslanmaq üçün biraz yavaşlamalıyıq.
Sürətli oxuma və məlumata daha tez çatma istəyi də diqqətimizi azaldır. Bu yazını oxuyursunuzsa, böyük ehtimalla kitabı oxumayacaqsınız, çünki kitabın özəti sizə kitabdakı əsas mövzuları çatdırır. Biz artıq öyrənməni də sürətləndiririk. Sürətli oxuma kursları, məşqlər sırf bu qabiliyyəti artırmaq üçündür. Əslində isə beynimizin öyrənmə sürəti buna çatmır. Bir şeyi öyrənmək üçün tələsmək yox, yavaşlamaq, o mövzunu həzm etmək lazımdır.
Multitaskinq (eyni anda bir neçə iş görmə)
Bu ifadə əslində kompüterlərə aid olsa da, insanlar da özlərini maşın kimi aparmağa, eyni anda bir neçə iş görməyə çalışırlar. Araşdırmalar göstərir ki, multitaskinq əslində bizim diqqətimizi azaldır, beynimizi yorur və öyrənməmizi yavaşladır. Eyni anda bir neçə iş görmək bizə məhsuldar hiss etdirsə də, əslində əks təsir edir. Diqqətimizi tez-tez fərqli mövzulara dəyişmək beyni yorur və bu dəyişiklik (context switching) öyrənməyə mane olur.
Tez-tez mövzu dəyişmək beynimizin enerjisini mövzunun özünə yox, mövzudan mövzuya keçidə sərf edir. Buna “creativity drain” (kreativlik sızması) da deyirlər. Multitaskinq həm də beynimizdə eyni anda çoxlu səs-küy deməkdir, qarışıqlıq deməkdir. Diqqətimizin bir neçə yerə paylanması deməkdir. Araşdırma göstərir ki, səs-küylü sinifdə olan uşaqlar, sakit sinifdə olan uşaqlara görə daha çox diqqət yayınmasına məruz qalır. Odur ki, beyninizi çox səs-küyə, eyni anda çoxlu işə məruz qoymayın.
Burada bir əlavə edim ki, Pomodoro texnikası sizə 25 dəqiqəlik çalışma periodları təklif edirsə, bunu həmişə tətbiq etməyin. Çünki beynimizin bir mövzuya adaptasiya olması bəzən 20 dəqiqə çəkir və siz mövzuya yenicə fokuslanmış ikən fasilə verəndə beyninizin yenidən o səviyyəyə qayıtması xeyli vaxt və enerji alır. Ona görə də çalışmalarınızı daha uzun saxlaya bilərsiniz.
İkinci səbəb: Axın (flow) halında olmanın azalması
Axın halı nədir? İnsanlar sevdikləri bir işi görəndə, bir idmanla məşğul olanda və ya hansısa fəaliyyətlə məşğul olanda zamanın necə keçdiyini unudur, ətraf dünya ilə əlaqəsi qopur və özünü tamamilə o işə həsr edir. Bax bu, zamanın itməsi, o işə qapılıb getməyə Mihaly Ç. axında olma halı deyir.
Müəllif iddia edir ki, bizim axın halına keçməmizə mane olan ətraf mühitdən gələn çoxlu diqqət yayındıran işlər var. Məhz bu siqnallar bizə axın halında olmağa mane olur. Əlavə bir orqanımıza çevrilən telefonlar yanımızda olmayanda belə özümüzü bölməyə o qədər alışdırmışıq ki, heç bir bildiriş, xarici təsir olmasa da, daxildən özümüz-özümüzü interrupt (bölmək, yarıda kəsmək) edirik.
Əgər biz diqqətimizi pozan şeyləri bir kənara qoya bilsək, yaranan boşluğu axın halı ilə doldura bilərik. Beləcə bir məqsəd təyin edib tamamilə özümüzü ona həsr edə bilərik. Əgər bu boşluğu dolduracaq nəsə etməsək, əvvəlki vərdişlərə geri dönəcəyik.
Üçüncü səbəb: Fiziki və zehni yorğunluq
Yuxudan oyanandan günün sonuna qədər özümüzü yorğun hiss edirik, həm fiziki olaraq həm də zehni olaraq. Bunun əsas səbəblərindən biri də yuxusuzluq epidemiyasıdır. Artıq heç kim lazımi qədər yuxu yatmır. Normal insan üçün yuxu saatı 7-8 saat olmalı ikən 5-6 saata düşüb. Bu yuxusuzluq zehnimizin diqqət və öyrənmə bacarığını aşağı salır, fiziki olaraq həmişə özümüzü yorğun hiss edirik. Araşdırma göstərir ki, uzun müddət yuxusuzluq çəkən adam (yəni 6 saat və ya daha az yatan) içkili bir insan qədər diqqətsiz olur.
İronik olaraq, insanlar yuxusuzluqdan əziyyət çəksə də, yuxuya getməkdə də problem yaşayır və dərmanlar qəbul edirlər (melatonin və s.). Bu cür hormonal dərmanlar isə beynimizə birbaşa mənfi təsir edir.
Yuxu mövzusunda yazdığım daha detallı bir bloq yazısını burdan oxuya bilərsiniz: blog.tunay.me/p/yuxu
Yaxşı yuxu üçün nə etməli:
Yatmazdan ən az 2 saat əvvəl telefon, TV və ya hansısa ekrana baxmamalı. İmkan çatırsa işığı zəiflətməli, beləcə beynimiz yuxu rejiminə hazırlaşır.
Otaq temperaturunu yatan zaman aşağı salmaq, daha sərin otaq, daha yaxşı yuxu deməkdir.
Yuxudan oyanandan sonra təbii gün işığına məruz qalmaq, ən az 10 dəqiqə gəzmək.
Yatmazdan ən az 2-3 saat əvvəl heç nə yeməmək və s.
Əslində bütün bunlar bildiyimiz sadə, hətta banal şeylərdir. İş burasındadır ki, bu sadə şeyləri hamımız bilirik, amma necəsə əməl edə bilmirik. Nə etməli olduğumuzu bilirik, amma necə hiss etdiyimiz və davrandığımız tamam başqadır.
Dördüncü səbəb: Gəzən zehnin bölünməsi (wandering mind)
Adətən heç bir iş görməyəndə ağlımıza çox fərqli şeylər gəlir. Hansısa bir hadisə yadımıza düşür, sonra ordan başqa birinə keçirik və sanki zehnimiz fərqli mövzular arasında durmadan gəzir. Buna elmi dildə beynin “Default Network Mode”-u deyirlər və ya digər adı ilə gəzən beyin halı. Yəni heç bir iş görməyəndə beynimizin keçdiyi hal. İlk baxışda bu hal yorucu və diqqət yayınması kimi görünsə də, araşdırmalar göstərir ki, DMN beynimizin öyrənməsi üçün çox lazımlı bir haldır. Beynimiz öyrəndiyi məlumatlar arasında əlaqəni məhz bu proses vaxtı möhkəmləndirir (yuxu da öyrənmə üçün vacib amildir).
Fikir vermisinizsə, bəzən uzun müddət cavab axtardığımız bir sualı və ya bir hadisəni çöldə gəzərkən və ya diqqətsiz bir iş görərkən xatırlayırıq. Məhz bu, gəzən zehnin faydasıdır. Odur ki, zehninizə boş qalmaq imkanı verin. Parka gəzməyə gedərkən telefonunuzu evdə qoyun ki, gəzən zehniniz bölünməsin.
Beşinci səbəb: Texnologiya (şirkətləri)
Diqqət pozulması epidemiyasının başlıca səbəblərindən biri məhz telefon, sosial media asılılığıdır. Facebook, Instagram, Google kimi şirkətlərin çalışdığı tək məqsəd var: sizin diqqətinizi çəkmək və onların proqramlarında daha çox vaxt keçirməyiniz. Bu proqramlarda daha çox vaxt keçirdikcə daha çox reklama məruz qalırsınız və onların cibi dolur. Buna diqqət sənayesi deyirlər. Dünyanın ən varlı adamlarının cibi sizin diqqətinizlə dolur.
İşin ironik tərəfi odur ki, bu şirkətlərin sahibləri öz uşaqlarına telefonları və bu proqramları qadağan edir, heç özləri daimi olaraq bunu işlətmirlər. Facebook-da yüzlərlə mühəndis, elm insanı dayanmadan düşünürlər ki, sizi öz saytlarında bir neçə saniyə daha artıq necə saxlamaq olar. Əslində siz telefona baxmamağa çalışanda mübarizə apardığınız şey sadə bir telefon deyil, sizin mübarizə apardığınız yüzlərlə mühəndisdir, böyük bir ordudur.
Sonsuz skroll - telefonda yuxarıdan aşağı sürüşdürdükcə məzmunun bitməməsi, hər zaman sizə göstərəcəkləri bir video və ya şəkil mütləq var.
Voodoo - bu şirkətlərin alqoritmləri sizin xarakterinizin bir kopiyasını öz serverlərində saxlayır. Sizin baxdığınız, bəyəndiyiniz, şərh yazdığınız, paylaşdığınız hər şeyi təhlil edərək sizə oxşatmağa çalışdıqları virtual bir insandır voodoo. Bu alqoritm (voodoo) o qədər yaxşı işləyir ki, sizin nə almaq istəyəcəyinizi, hansı siyasi mövqedə olduğunuzu, hansı restorana getdiyinizi bilir. Beləcə bunun köməyi ilə sizə reklam göstərə bilir və ya zəif nöqtənizi bilərək sizi manipulyasiya edə bilirlər.
Negativity bias: İnsanlar təhlükəyə, neqativ hadisəyə daha çox diqqət edir, çünki bu bizim sağ qalmaq instinktimizdir. Bunu başa düşən alqoritmlər sizi daha çox öz platformalarında saxlamaq üçün neqativ məzmunlara məruz qoyur. Siz təsadüfən bir dənə neqativ xəbər və ya videoya baxanda davamlı olaraq sizə bu cür məzmun göstərir. Bu da insanları həm aqressiv, stresli hala çevirir, həm də platformada daha çox saxlayır. Araşdırma göstərir ki, YouTube-un alqoritmləri insanları sırf neqativ məzmunlara yönləndirərək qütbləşdirir və yorur. Təəssüf ki, bunu təkcə alqoritm yox, məzmun yaradan insanlar da bildiyi üçün, sizin diqqətinizi çəkmək məqsədi ilə daha çox neqativ məzmun paylaşır.
Müəllif Braziliya və bir neçə ölkədə siyasətçilərin bu alqoritmlər vasitəsilə insanları manipulyasiya edərək hakimiyyətə gəlməsindən də bəhs edir. Başlanğıcda insanları maarifləndirmək məqsədi daşıyan bu texnologiyalar indi əksini edir, insanları yalnızlaşdırır və qütbləşdirir. Sırf pul qazanmaq, insanların zamanını, həyatını, diqqətini oğurlamaq bahasına pul qazanırlar. Əslində həyatımızı asanlaşdırmaq üçün təqdim olunan bu proqramlar əksinə həyatımızı çətinləşdirir. Bizi olmaq istəmədiyimiz bir insana çevirir.
Qəddar optimizm (və victim blaming)
Müəllif deyir ki, minlərlə mühəndis bizi telefondan asılı hala salmağa çalışarkən bu şirkətlərin təklif etdiyi bir həll var. İstifadəçilər bildirişləri bağlasın, telefonu az işlətsin. Vəssalam.
Bu qəddar optimizm adlanır. Yəni bu qədər səhv edə bilmənin, diqqətin yayına bilməsi ehtimalının içində yalançı optimizmlə düşünmək olmaz ki, insan özü istəsə bildirişləri bağlayar.
Victim blaming - sən problemlisən, sənin iradən zəifdir, istəsən telefonu kənara qoya bilərsən, səndə ADHD var və s. kimi ifadələrlə fərdlərin özlərini günahkar hiss etməsinə səbəb olmaqdır. Hər insan saatlarla Instagram-da vaxt keçirəndə günahlandırdığı tək adam özü olur. Özünü zəif hiss edir. Halbuki bu problem sistemdə olan problemdir. Hər kəs bizim diqqətimizi oğurlamağa çalışarkən bizim bu mübarizədə tez-tez məğlub olmağımız bizim gücsüzlüyümüz deyil.
Digər səbəblər
Stress və ayıqlığın artması (vigilance) - Bu hissədə stresin artmasının diqqət pozulmasına təsirindən danışır. Modern insanın stres səviyyəsinin daim yüksək olmasından bəhs edir.
Qidaların keyfiyyətinin pisləşməsi - Şəkərin qidalarımızda artması, emal olunmuş məhsulların çoxalması, uşaqlıqdan bəri keyfiyyətsiz qidalanmağımız beynimizin diqqət qabiliyyətini azaldır. Yuxarı qalan qan şəkəri bizi həmişə yuxulu və yorğun hiss etdirir.
Davamlı oxumanın çöküşü - Artıq insanlar kitab yox, qısa tvitlər oxuyur. Davamlı olaraq yox, ayda-ildə bir dəfə kitab oxuyur. 2011-ci ildən bəri hər il çap olunan kitablar azalır. Ortalama insan gün ərzində 10 dəqiqə kitab oxuyursa, 5 saat telefonuna baxır. Davamlı oxuma azaldığı üçün diqqət qabiliyyətimiz də azalır. Sosial mediada beynimizə verdiyimiz məzmunlar nədirsə, beynimiz də o formaya düşür. Bir-birinə qışqıran, lağ-lağa edən və ya mənasız hərəkətlərə, məlumatlara məruz qalan beynimii də o formaya çevirlir. Özümüz də fərqində olmadan o cür düşünməyə, davranmağa başlayırıq. Bu beynimizin fundamental öyrənmə, uyğunlaşma mexanizmidir. Twitter-də 280 simvolluq yazılar, Facebook, Instagram storiləri, 30 saniyə, hətta 10 saniyəyə düşən videolar. Qısalan tək şey bu kontent deyil, həm də bizim düşüncələrimizdir. Hər hansı mövzu haqqında daha az düşünürük, daha qısa düşünürük. Düşünmə, təhlil etmə qabiliyyətimiz çöküb.
ADHD - Diqqət pozulması sayılan bu diaqnoz az qala hər 4 adamdan birində var. Alimlər bu problemin həlli mövzusunda müxtəlif fikirlərdə olsalar da, problemin varlığı danılmazdır. Hazırda dünyada ADHD dərmanlarının sənaye büdcəsi 10 milyard dollardan çoxdur. Hətta bəzi heyvanlara da ADHD dərmanları verirlər.
Uşaqların çölə çıxmaması - Artıq heç kim öz uşağını çölə tək başına buraxmır. Uşaqlar çöldə oynayaraq yox, telefon başında vaxt keçirərək böyüyürlər. Bu da bizim uşaq vaxtından diqqət problemlərinə məruz qaldığımızı göstərir.
Havanın və ətraf mühitin çirklənməsi - Müəllif iddia edir ki, havanın çirklənməsi, havada olan ziyanlı qazlar, maddələr birbaşa beynimizə və diqqət etmə bacarığımıza ziyan vurur. Artıq biz heç vaxt təmiz hava udmuruq.
Sistematik Həllər
Əgər içində olduğumuz sistem düzəlmirsə, fərdlər olaraq bizim böyük meqa-şirkətlərlə mübarizə aparmağımız çətindir. Ona görə müəllif və dostları böyük şirkətlərə diqqətimizi düzəldəcək bəzi həllər təklif edirlər.
Nəzarət kapitalizmini ban etmək: Dövlətlər bizim hər addımımızı izləyən bu şirkətlərə qadağalar qoymalı, qanunlar tərtib etməlidir. İnsanların, uşaqların diqqətini oğurlamaq cinayət sayılmalıdır.
Bildirişlərin toplanması - Sosial media proqramları bizə az qala hər layk üçün ayrıca bildiriş göndərir. Bunun əvəzinə gün ərzində bir dəfə toplu bildiriş göndərə bilər. Çünki bildirişlər bizim diqqətimizi pozan ən birinci amildir.
Sonsuz sürüşdürmənin bağlanması - Bəzi araşdırmalar göstərir ki, 100 millisaniyə gecikmə olanda belə insanlar düşünür və o proqramdan çıxır. Ona görə də bu şirkətlər hər şeyi çox sürətli edir. Sürətli edir ki, bir anlıq dayanıb nə etdiyinizin fərqinə varmayasınız. Əgər bu xüsusiyyət bağlansa, bir çox adam dayanmadan yuxarıdan aşağı sürüşdürməyəcək.
Facebook-a giriş edəndə sizdən orada keçirmək istədiyiniz vaxtı soruşa bilər və həmin vaxtdan sonra sizi proqramdan ata bilər. və s.
Müəllifin öz həlləri
Freedom adlı proqramı həm telefonuna, həm də kompüterinə yükləyərək çalışma zamanı bütün saytlara blok qoyur. Beləcə istəsə belə diqqət yayındıran proqramları aça bilmir.
Özünə olan baxışı dəyiş. Bəli, sistem pis dizayn olunub və tək başımıza mübarizə aparmalıyıq. Buna görə də tez-tez tələyə düşürük, diqqətimiz yayınır. Özümüzə məqsəd qoyub axın (flow) halını tapmaq bizə kömək edəcək.
Müəllif il ərzində 6 ay sosial mediadan tamamilə uzaq durur. Bu altı ayı davamlı yox, hissələrə bölür. Bəzən bir həftə, bəzən də bir ay sosial mediadan istifadəni tamam dayandırır. Hədəf il ərzində 6 ay tam uzaq durmaqdır.
Stresi azaltmaq və gəzən zehinə rahatlıq vermək üçün meditasiya edir. Meditasiya haqqında olan digər yazımı oxumaq üçün: https://blog.tunay.me/p/meditasiya
Yuxu rejimini dəyiş. Yatmazdan ən az 2 saat əvvəl telefona baxma. Ən az 7-8 saat yat.
Xülasə
Diqqətimizi sistem və böyük şirkətlər bizdən oğurlayıb. İçində yaşadığımız sistem bizi istismar etmək üçün dizayn olunub. Bu, bizdə ümidsizliyə səbəb olmamalıdır. Əksinə necə güclü bir düşmənlə mübarizə apardığımızın fərqinə varıb, özümüzü və üsullarımızı təkmilləşdirməliyik.
Telegramda izləmək üçün: t.me/tunaynovruz


