Meymunlar planeti
Lazımsız bəzi düşüncələr və hisslərim...
Bu yazı ciddi mövzulardan bəhs edirmiş kimi görünsə də, şəxsi hisslərim və düşüncələrimlə bağlıdır. Başlığa aldanıb ciddi bir təhlili gözləməyin. Az inkişaf etmiş bir meymun olaraq, çox inkişaf etmiş digər meymunlar haqqında bildirdiyim şərh kimi qələmə vermək olar bu yazını.
Bu günlərdə internetdə bir foto məşhurlaşıb , əlində çubuqla bir neçə nəfər bir amerikalı əsgəri əsir götürür. Həm gülməli, həm də biraz maraqlı bir hadisədir.
Müharibələrin, gündəmin yaratdığı stres və qayğıdan qaçmaq üçün ən asan və passiv üsul olan kino izləməyi seçirəm. Onsuz da hər tərəfdən üstümə axan informasiya selinin, xəbər axınının ağırlığı ilə heç nə edə bilmirəm.
Uzun sözün qısası, çox köhnə olan “Meymunlar Planeti” seriyasını yenidən izləməyə başlamışam. Bu filmlərin birində Sezar adlı meymun öz dəstəsini toplayaraq insanlara qarşı bir üsyan başladır və meymunlar əllərində çubuq, balta ilə insanlara qarşı vuruşur. İnternetdəki o fotonu görəndə həmin səhnəni xatırladım.
Biz yüksək texnologiya ilə uşaqları və gücsüzləri öldürməkdə ustayıq. Düşünə bilən varlıqlar olaraq özümüzü təkamülün zirvəsində saysaq da, yeri gələndə “öldürmək təbiətin qanunudur” deyirik. Güclülər zəifi, yüksək texnologiyalılar isə çubuqluları.
Bir qədər doğru olduğunu bilsəm də, içimdəki insanlığa olan həyasız ümidi öldürə bilmirdim. Vəhşiliklə yanaşı içimizdə mərhəmət, sevgi, qayğı da daşıyırıq. Bu mərhəmət qırıntılarını tamamilə vəhşiliyə qurban verməməliyik, verməməliydik, verə bilmərik.
İnsanlığa (toplu olaraq) qarşı ümidimi çoxdan itirmişəm. Heç nə yaxşıya doğru getmir, getməyəcək də. Həm bir-birimizi qırırıq, həm də yaşadığımız təbiəti. Texnologiyamız, elmimiz yüksək səviyyədə olsa da biz hələ də primitiv meymunlarıq, öz vəhşi arzularına, ölümə, dağıtmağa meyilli “ağıllı” varlıqlarıq.
Süni intellektin ağıllanıb dünyanı ələ keçirəcəyindən, bizi məhv edəcəyindən qorxuruq, halbuki özümüz bu dünya üçün, təbiət və digər canlılar üçün elə süni intellektdən daha dəhşətliyik. Məhv edirik, tükədirik, gözəl və təmiz olan hər şeyi yox edirik.
İnsan dəyişməyəcək, ütopiyalar həmişə xəyallarda qalacaq. Bizi idarə edən bir qrup güclü meymun bizi həmişə uçuruma aparacaq.
Üçüncü filmin son səhnəsində meymunla insanın təxminən belə bir dialoqu olur:
- Sezar, işləri daha da pisləşdirmə.
- Bundan daha da pis ola bilərmi?
Bu səhnə üzümə dəymiş bir sillə qədər təsirli idi. Bir qrup ağıllı, güclü, varlı meymunun kef çəkdiyi; qalan zavallı meymunların isə dayanmadan işləyib onlara xidmət etdiyi, heç vaxt gerçəkləşməyəcək xəyallarla könüllü köləyə çevrildiyi bu sistem, bundan daha da pis ola bilərmi?
Ümid yox olub.
Bəşəriyyətin gələcəyinə ümid yoxdur. Təbiətin, planetimizin gələcəyinə ümid yoxdur. Vəhşi meymundan mərhəmətli meymuna keçəcəyimizə ümid yoxdur. Sistemdən çıxa biləcəyimizə ümid yoxdur. Nəyinsə dəyişəcəyinə ümid yoxdur. Nəyisə dəyişdirə biləcəyimizə nə ümidimiz, nə də gücümüz var. Biz çubuqlular bu zibillikdə sağ qalmağa çalışan meymundan başqa bir şey deyilik.
İçimizdəki mərhəməti öldürdülər. İçimizdəki vəhşiyə tabe olduq. Qaranlıq qalib gəldi. Aydınlıq isə öləziyən bir şam kimi sönməkdə davam edir.
Göydən bombaların yağdığını görən körpələrin gözündə öldü bütün insanlıq. Öz qanında boğulan günahsızlarla birlikdə öldü insanlıq.
Kənardan özümüzə baxa bilsəydik, bir qrup meymunun bir-birini necə qırdığını görüb acı bir təbəssümlə başımızı bulayardıq.
Bu xaosda sağ qalmaq üçün edə biləcəyim tək şey üç meymuna tabe olmaqdır.
Görmürəm. Eşitmirəm. Danışmıram.
Başqa seçimim yoxdur. Gördüklərim məni məhv etməsin, eşitdiklərim mənim axırıma çıxmasın, demək istədiklərimin ağırlığı altında əzilməyim deyə üç meymuna tabe olmalıyam. Normal yaşaya bilmək üçün başqa çarə görmürəm.
Sezarın dediklərinə sonuna qədər qatılıram.
Sonda bizdən geriyə radioaktiv toz buludu ilə örtülmüş, həyatın mümkün olmadığı bir planet qalacaq. Bizə milyon il uzaqdan baxan başqa canlılar (ümid edirəm ki, onlar meymun deyillər) bu toz buludunun altında bir vaxtlar mədəniyyət olduğunu düşünəcəklər. Zəngin mədəniyyət, inkişaf etmiş, yüksək intellektli canlılar. Və onlar heç vaxt başa düşməyəcəklər ki, bu planeti necə məhv etdik.
Biz kainatda bir toz dənəsi idik, bundan sonra da radioaktiv toz dənəsi olaraq da qalacağıq. Kainat tarixində heç bir izi olmayan, acgözlükdən, vəhşilikdən başqa heç nəyi bacarmayan balaca meymunlar...
Hələ də anlamıram, bu qədər kiçik ikən bu qədər böyük vəhşilikləri necə törədirik?
Sezarın çıxışından:
Where there is fire, there is smoke. And, in that smoke, from this day forward, my people will crouch and conspire and plot and plan for the inevitable day of man’s downfall — the day when he finally and self-destructively turns his weapons against his own kind. The day of the writing in the sky, when your cities lie buried under radioactive rubble, when the sea is a dead sea and the land is a wasteland out of which I will lead my people from their captivity. And we shall build our own cities in which there will be no place for humans except to serve our ends. And we shall found our own armies, our own religion, our own dynasty. And that day is upon you... now!
Od olan yerdə tüstü olar. Və o tüstünün içində, bu gündən etibarən, xalqım gizlənəcək, fikirləşəcək, plan quracaq, insanın qaçılmaz süqut günü üçün. O gün ki, o nəhayət öz silahlarını öz növünə qarşı çevirəcək, özünü məhv edəcək. Göydə yazının göründüyü o gün, şəhərləriniz radioaktiv xarabalıqların altında qaldığında, dəniz ölü dənizə, torpaq isə çöllüyə çevrildikdə ,mən xalqımı əsirlikdən çıxarıb apararacam. Biz özümüzün şəhərlərini quracağıq, şəhərlər ki, orada insanlara yalnız bizə xidmət etmək üçün yer olacaq. Öz ordularımızı, öz dinimizi, öz irsimizi quracağıq. Və o gün artıq gəlib çatıb... indi!



