Antinatalizmə qısa baxış
Antinatlaist arqumentlər və bu arqumentlərə gətirilən əks arqumentlərə qısa baxış.
Samuel adlı bir hindistanlının öz valideynlərini onu dünyaya gətirdiyi üçün məhkəməyə verdiyi xəbəri yəqin ki, çoxumuz görmüşük. Bu biznesmen məhkəmədə qalib gəldi və ya gəlmədi bilmirəm, amma özünü yaman reklam etməyi bacarmışdı.
Uşaq dünyaya gətirmək öz fərdi həyatından vaz keçib, səndən tamamilə asılı olan bir insana ən az 15-20 il vaxtını və pulunu sərf etməkdir (və ya ömrünü onunla bölüşmək). Bu seçim əvvəllər təbii bir proses olduğu üçün, insanların fərdiyyətçilikdən daha çox kollektiv şüurda olmasına görə həmişə işə yarayırdı. Dövrümüzdə isə hər kəs fərdiyyətçiliyə meyl edir. Hər kəs öz həyatını özü istədiyi kimi, özü üçün yaşamağı seçir.
Əvvəllər bir ailədə bir neçə nəsil eyni anda birlikdə yaşayırdısa (nənə-baba, valideynlər və uşaqlar, gənclər), artıq hər kəs müstəqil formada bir-birindən ayrı yaşamaq istəyir. Adət-ənənələri nəsildən nəsilə ötürmək məsuliyyətini heç kim daşımır. Sırf doğulduğu yerin adətlərinə tabe olmaq istəmir.
Digər tərəfdən, nə qədər çox inkişaf etsək də bir ömür dayanmadan maaşlı işdə işləsə də özünə bir ev ala bilməyən, il boyu çalışıb bir həftə istirahət edə bilməyən insanlar davamlı olaraq stress və qayğı yaşayır. Bütün bunlarla yanaşı övlad dünyaya gətirmək bu qayğıları iki qat artırır. Bu cür maddi çətinliklər də övlad sayını ya azaldır, ya da tamamilə bitirir.
İnternetdə antinatalizm haqqında axtaranda köhnələri çıxsaq hazırda yaşayan Benatar ilə qarşılaşacaqsınız. İş burasındadır ki, antinatalizmdən danışan hamı nəzəriyyədən o tərəfə keçmir. Praktiki nümunələr gətirmək bütün nəzəriyyədən, fəlsəfədən daha təsirli olur adətən. TikTok-da Kelley Daring adlı bir nəfər səhifə açıb və insanlardan anonim formada mesajlar alır, sonra da kamera qarşısında onları səsləndirir. Videolarını iki qrupa bölüb: peşman valideynlər və peşman evli qadınlar.
Övlad sahibi olan kimdən soruşsanız deyəcək ki, hər şey əladır, peşman deyiləm. Çünki uşaq dünyaya gətirmək geri dönüşü olmayan bir seçimdir və heç kim açıq-açığa peşman olduğunu dilə gətirə bilmir. Anonim olanda isə hamının ürəyi açılır. Videoların bir neçəsinə baxmışam. Burdakı söhbət övlada baxmağın çətinliyi və s. deyil. Aralarında atalar olsa da çoxluq analardır. Övladını emosional olaraq sevə bilməyənlər, uşağa görə öz həyatından, xəyallarından vaz keçənlər, karyerasını atanlar və s.
Milyonlarla insan da bu videoları izləyir, şərhlərdə öz təcrübələrini bölüşür. Məncə bu xanımı antinatalizmin ən güclü təbliğatçısı saymaq olar. Benatarın tvitterdə cəmi 2500 izləyicisi var, amma Kelley xanımın hər videosu milyonlarla izlənmə alır.
Keçək əsas arqumentlər və onlara qarşı çıxan əks arqumentlərə.
Asimmetriya arqumenti
Mövcud olmaqla heç vaxt mövcud olmamaq arasında asimmetrik bir balans pozulması var. Aşağıdakı ifadələrdə sevgi, xoşbəxtlik, sevinc və ümumiyyətlə yaxşı şeylər “zövq” sözü ilə əvəz olunur. Xəstəliklər, əzab-əziyyət, mənəvi ağrılar, depressiya, zədələr, qəzalar və s. isə “ağrı” sözü ilə əvəz olunur.
Mövcudluq zamanı:
Zövq (həzz) almaq yaxşı şeydir.
Ağrı (əzab) hiss etmək pis bir şeydir.
Mövcud olmayan zaman:
Ağrının olmaması yaxşıdır.
Zövqün olmaması pis deyil.
Sadələşdirsək, dünyaya bir uşaq gətirdiyiniz zaman onun çəkəcəyi çoxlu fiziki (xəstəliklər, müharibələr, qəzalar, cinayətlər və s.) və mənəvi əzablar (ayrılıqlar, sevdiyi insanların ölməsi, əzab çəkən başqa insanlara empatiya etməsi, öləcəyini bilməsinin gətirdiyi qayğı pozğunluğu, psixoloji pozuntular və s.) o adamın yaşayacağı zövqlərin, həzzlərin yanında daha çoxdur.
Siz bir insanı dünyaya gətirəndə onun bütün bu əzablara məruz qalmasına səbəb olursunuz. Bu əzabların qarşılığında həzz alsa belə, bu uşaq heç doğulmasaydı heç bir əzab çəkməyəcəkdi (yaxşı), heç bir zövq təcrübə etməyəcəkdi (pis deyil).
Bu asimmetrik balans bizə deyir ki, dünyaya uşaq gətirməməliyik. Üstəlik təkcə bir uşaq üçün yox, o uşağın da dünyaya gətirəcəyi uşaqlar, bütöv bir nəsilin çəkəcəyi əzabların hamısının başlanğıcı (məsuliyəti) bizdədir. Buna dəyərmi?
Asimmetriya arqumentə əks arqument
İki əks arqumentdən bəhs edək.
Birinci əks arqument: Bu arqumentə görə insanların həyatını davam etdirmək də məntiqə uyğun deyil. Amma antinatalistlər deyir ki, onsuz da dünyaya gəlmiş bir insan öz həyatına davam etməlidir, sadəcə çoxalmağı dayandırmalıdır. Halbuki bir insan yaşamağa davam etdikcə çəkə biləcəyi ağrılar da davam edir. Bu arqument doğulmamış insan həyatı ilə yaşayan insan həyatı arasında ikili standart göstərir.
İkinci əks arqument: Hələ mövcud olmayan bir insan üçün ağrının yoxluğu yaxşıdır iddiası səhvdir. Çünki hələ doğulmamış biri üçün yaxşı və pis anlayışı yoxdur, ona görə də bu asimmetrik arqument başdan xətalıdır.
Mövcud olan insan üçün ağrı pisdir, zövq yaxşıdır. Mövcud olmayan insan üçün ağrının yoxluğu (nə pisdir, nə də yaxşı), zövqün yoxluğu (nə pisdir, nə də yaxşı). Dolayısı ilə bu arqumentin yanlış olduğunu iddia edir bu əks arqument.
Stoiklər də bu arqumentə əks cavab verərdi ki, zövq və ağrı bizim hadisələrə qarşı olan baxışımızdan asılıdır. Bəzi insanlar başına gələn ağrıları da necəsə zövq aldıqları bir öyrənmə və s. kimi görə bilir.
Üstəlik bu arqument pessimist yanaşaraq sadəcə pis şeylərə fokuslanır. Halbuki gün ərzində aldığımız təmiz hava, yediyimiz yemək, gördüyümüz bir insan da bizə qısa sevinclər, zövqlər yaşadır. Bu zövqlərin toplamı ağrılardan az deyil.
Bizim həyatımız sadəcə zövq və ya ağrı üzərinə qurulmayıb, biz gündəlik həyatımızı sırf zövq üzərinə də qurmuruq. Yəni öz həyatımızı zövq və ya ağrı pəncərəsindən dəyərləndirmirikə, niyə dünyaya gələcək olan bir uşaq üçün bu cür düşünək?
Məsələn, öz ailəsini qorumaq üçün həyatını fəda edən bir insan ağrını, ölümü seçir və buna görə heç peşiman da olmur. Bu zaman o insanın həyatı daha ağrılı olsa da özü üçün daha mənalı olur. Sırf həzz yönümlü həyat yaşamaq bizi sırf hedonist edərdi.
Yalançı sevinc (Deluded Gladness)
Biz keçmiş haqqında düşünərkən sadəcə yaxşı şeyləri xatırlayırıq və çəkdiyimiz əziyyətləri isə kiçiltməyə meylliyik, bu gələcəyə olan baxışımıza da təsir edir. Yəni biz keçmişi və gələcəyi olduğundan çox daha yaxşı təsəvvür edirik, buna görə də bir həyatın, yaşamağın, bir uşağın dünyaya gəlməsinə pozitiv baxırıq. Əslində isə hamı (demək olar ki) pis bir həyat yaşayır və davamlı ağrı-əzab çəkir.
Əks arqument: İnsan sadəcə bədbin olarkən keçmiş və gələcəyi bədbin, xoşbəxt olarkən də xoşbəxt formada təsəvvür edir. Bütün bu ağrılara baxmayaraq insanlar mövcudluqdan və yaşamaqdan məmnundurlar. Həyatı ağrılarla dolu bir insan bu yaşadıqlarından məmnun ola bilər.
İntihar arqumenti
Antinatalizm qarşı deyilən maraqlı iddialardan biri isə intihardır. Əgər yaşamaq bu qədər əzablı və mənasızdırsa, niyə insanlar intihar etməsin?
Antinatalistlər buna cavab olaraq deyirlər ki, intihar ağrını daha da artırmaqdır, çünki ətrafınızdakı insanlar sizə görə əziyyət çəkəcək. Halbuki bütün insanlar eyni anda intihar etsə, heç kim əzab çəkməyəcək və belə insan irqi tamamilə məhv olacaq. Antinatalizmin bu arqumentidir ki, kifayət qədər zəif arqumentdir.
Cinsiyyətçilik problemi
Antinatalistlərə qarşı gətirilən digər bir əks arqument isə cinsiyyətçiliklə bağlıdır. Əgər antinatalizmi hamı qəbul etsə və uşaq dünyaya gətirmək qadağan olunarsa və ya uşaq dünyaya gətirməyə pis baxılarsa, səhvliklə və ya istəyərək hamilə qalan qadınlar zorakılığa məruz qalacaq. Uşaq dünyaya gətirmək bir qadının hüququ ikən bu hüquq əlindən alınacaq.
Nəzəri razılıq arqumenti
Uşaq dünyaya gətirərkən uşağın razılığı alınmır. Biz fərz edirik ki, uşaq dünyaya gələcək və gəlmək yaxşı şeydir. Üstəlik uşaq doğulduğu üçün buna razılıq da verəcək.
Burda iki cür nəzəri razılıq yanaşması var:
Nəzəri razılıq: Yol kənarında aşmış və yanmaqda olan bir maşın görürsünüz, birazdan maşın partlayacaq və ya adam yanaraq ölə bilər. Tək çarə adamı dartıb ordan çıxarmaqdır, amma bu zaman maşının altında qalmış qolunu sındırmalı olacaqsınız. Bu situasiyada oturub bu adamdan razılıq almaq əvəzinə qolunu qırmaq naminə adamı ordan xilas edirsiniz (fərz edirsiniz ki, həmin adam yaşamaq naminə buna razılıq verərdi).
Pure benefit: Bir adada yaşayan bir qrup insanın həyatını yaxşılaşdırmaq üçün yuxarıdan onlara qızıl paylayacaqsınız. Bilirsiniz ki, yuxarıdan atdığınız bu metal onlara fiziki zədələr verəcək, biraz yaralanacaqlar, amma nəticədə həyatları yaxşılaşacaq.
Birinci şərtdə adamı ölümdən xilas etdiyiniz üçün nəzəri razılıq qəbul olunur, amma ikincində isə insanlar pis-yaxşı yaşayırdılar, sizin onlara razılıq almadan cüzi bir fiziki zərər qarşılığında yaxşılıq etməyiniz isə sayılmır.
Benatar (antinatalistlər) deyir ki, uşaq dünyaya gətirmək ikinci versiyaya uyğundur. Uşaq dünyaya gəlməsə də olardı. Hamı nə bahasına olursa olsun dünyaya gəlməyi seçməz və biz onun razılığı olmadan onun əvəzinə bu seçimi etməməliyik.
Əks arqument
Pro-natalistlər deyir ki, yaşamağın yaxşı bir şey olduğunu düşündüyümüz üçün pure benefit yanaşmasını etmək olar. Bəzən valideynlər uşaqları üçün daha yaxşı olan şeyləri seçirlər (bu şeylərin yoxluğu onlara ziyan vurmasa da). Üstəlik mövcud olmayan bir fərdin hüquqlarından danışmaq da absurddur. Özü mövcud olmayan insanın hüquqları da mövcud deyil. Yəni razılıq haqqının olması üçün ortada bir uşaq (insan) olmalıdır.
Mizantropik arqumentlər
Bu arqument isə fərdin özünə yox, doğulan uşağın digər insanlara, heyvanlara və təbiətə vurduğu zərərdən bəhs edir.
Hər bir insan başqa insanlara ziyan vurmaq, qətlə yetirmək, işgəncə vermək, soyqırım etmək, dava etmək, müharibə başlatmaq və s. kimi təhlükəli davranışlara meyillidir. Uşaq dünyaya gətirmək sizin bu pisliklərin ehtimalına da göz yummağınızı göstərir.
Hər bir fərd üçün süni formada çoxaldılan heyvanlar, kəsilərkən bu heyvanların çəkdikləri əziyyətlərə də siz səbəb olursunuz. Yəni bir uşağın doğulması digər canlılara da pis təsir edir.
Ətraf mühitə vurulan ziyan. Hər bir uşaq üçün illik təbiətə 60 tondan çox karbondioksid qazı buraxılır. Onsuz da iqlim böhranı yaşadığımız bu dönəmdə yeni uşaq dünyaya gətirmək ətraf mühitə vurulan ziyanı da artırır.
Qısaca digər arqumentlər
Fərdlər olaraq bizim yaxşılıq etmək kimi borcumuz yoxdur, amma pisliyin qarşısını almaq borcumuz var. Hər insan həyatında pislik var, ona görə uşaq dünyaya gətirməmək bunun qarşısını alır. Üstəlik doğulmayan uşağı qurban da saymaq olmaz, çünki mövcud deyil (no victim argument).
İstismar arqumenti: Burda bir insanın uşaqlığı və yetkinliyini ayırırlar. Uşaqlar danışmağı, düşünməyi, qərar verməyi bacarmırlar. Yeni doğulan bir uşağın həyatı əzab-əziyyətdən ibarətdir (qulaq ağrısı, aclıq üçün ağlamaq, diş ağrısı və s.). Uşaqlıqdakı insan ilə yetkin insan əslində eyni insan deyil. Deməli biz böyüyərkən öz uşaqlığımızı istismar edirik. Biz insan irqini davam etdirmək üçün uşaqları istismar edirik.
Əks arqumentlərin bəziləri
Uşaq dünyaya gətirmək fərdlərin həyatını daha mənalı edir. Ailə, uşaqlar, valideynlər ilə qurulan bağlar həm fərdi, həm də cəmiyyəti daha mənalı bir həyata sövq edir.
Telegramda izləmək üçün: https://t.me/tunaynovruz
Daha detallı oxumaq istəyənlər üçün bəzi resurslar:

